Beyləqan rayonunda top mərmisi tapılıb
Bakı, 2 may, AZƏRTAC
Mayın 1-də saat 13:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti -Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (BR-365K) aşkar olunub və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 50 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.