BEYNƏLXALQ EKSPERTLƏR ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTUNDA VƏ TƏRTƏR BÖLGƏ STANSİYASINDA OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, ekspertlərə institut və onun Bölgə Təcrübə Stansiyaları, son illər yaradılmış yeni taxıl sortları barədə ətraflı məlumat verilmişdir. Qonaqlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə aparılan tədqiqat işlərinə böyük maraq göstərmiş, praktiki seleksiyanın fundamental tədqiqatların nəticələrindən qaynaqlanmasının şahidi olmuş, bu sahədə alınmış nəticələri, yaradılmış müxtəlif buğda sortlarını yüksək qiymətləndirmişlər. Bitki diversifikasiyası sahəsində aparılan tədqiqatlar da xüsusi maraq doğurmuşdur.
Daha sonra Elmi-Tədqiqat Əkinçilik İnstitutunun modernləşdirilməsi ilə bağlı hazırlanmış proqramın detalları müzakirə edilmişdir. Beynəlxalq ekspertlər belə qənaətə gəlmişlər ki, proqramın həyata keçirilməsi əsas bitkilər, xüsusilə buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları üzrə məhsuldarlığı artıracaq, tədqiqat stansiyalarındakı potensialla fermer təsərrüfatlarında müşahidə olunan mövcud orta məhsuldarlıq arasında boşluğu aradan qaldıracaq və istehsalda davamlılığa gətirib çıxaracaqdır. Modernləşdirmə proqramına uyğun olaraq, institutda yaradılacaq müasir laboratoriyalar bitkiçilik məhsullarının keyfiyyət analizlərini aparmağa, məhsulların sertifikatlaşdırılmasına və digər mühüm vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir.
Qeyd olunmuşdur ki, ElmiTədqiqat Əkinçilik İnstitutunun modernləşdirilməsi göstərilən sahələrdə məhsulların rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək, digər istiqamətlərdə tədqiqatlara öz təsirini göstərəcək və nəticədə yaxın gələcəkdə bütün sistem miqyasında islahatlar üçün zəmin yaradacaqdır.