Beynəlxalq Əmək Təşkilatı pandemiyanın ikinci dalğasına yol verməməyə çağırır
Bakı, 29 aprel, AZƏRTAC
Karantin başa çatandan və insanlar iş yerlərinə qayıdandan sonra işəgötürənlər onları lazımi qoruyucu tədbirlərlə təmin etməlidirlər, yoxsa bizim hamımızı pandemiyanın ikinci dalğası gözləyə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) xəbərdarlıq edir. BƏT ekspertləri pandemiya dövründə işləməyə məcbur olan həkimlərin və digər əməkçilərin müdafiəsini təmin etməyə çağırırlar.
BƏT aprelin 28-də qeyd edilən Dünya Əməyin Mühafizəsi Günü münasibətilə hökumətləri və bütün işəgötürənləri istər indi, istərsə də təcrid vəziyyətindən çıxandan sonra iş yerlərində koronavirusa yoluxma təhlükəsini minimuma endirməyə çağırır.
BƏT-in baş direktoru Qay Rayder deyib: "Dünyada bütün işçilərin təhlükəsizliyi və sağlamlığı bu gün hər şeydən üstündür. Virus infeksiyasının yayıldığı indiki şəraitdə əhalinin təhlükəsizliyi və müəssisələrin dayanıqlılığı bizim işçiləri nə dərəcədə qoruya biləcəyimizdən asılıdır".
O, pandemiyaya qarşı mübarizənin ön cəbhəsində olanların müdafiəsinin nə dərəcədə əhəmiyyətli olduğunu xatırladıb. Söhbət ilk növbədə həkimlərdən, xilasetmə xidmətlərinin əməkdaşlarından, qida məhsullarının pərakəndə satış müəssisələrində çalışanlardan və otaqların yığışdırılması ilə məşğul olanlardan gedir.
BƏT, həmçinin əməkçilərin ən zəif təbəqəsinə, məsələn, qeyri-formal iqtisadiyyatda çalışanlara, miqrantlara və ev xidmətçilərinə xüsusi diqqət yetirməyə çağırır. Ekspertlər bu insanların əməyin təhlükəsizliyi ilə bağlı zəruri informasiya, fərdi qoruyucu vasitələrlə təchiz olunmalarını, onların dövlət tibb xidmətləri, lazım gəldikdə alternativ dolanışıq mənbələri ilə təmin olunmalarını təklif edirlər.
DST-nin baş direktoru Tedros Adhanom Hebreyesus bütün ölkələri səhiyyə işçilərinin, qəza-xilasetmə xidmətlərinin əməkdaşlarının və pandemiya dövründə başqaları naminə öz həyatını riskə qoyan bir çox digər əməkçilərin əməyinin mühafizəsi sahəsində milli proqramlar işləyib hazırlamağa çağırıb.
DST-nin başçısı deyib: "Mən Dünya Əməyin Mühafizəsi Günü bütün ölkələrə bütün tibb işçilərini dəqiq düşünülmüş, layiqli və təhlükəsiz əmək şəraiti ilə təmin etmək çağırışı ilə müraciət edirəm".
BƏT karantin başa çatandan sonra iş şəraitinin təhlükəsizliyinin təmin edilməsi üzrə bir sıra tövsiyələr, o cümlədən işçilər, podratçılar, müştərilər və ziyarətçilər arasında fiziki təmasın azaldılmasına müvəffəq olmaq, zəruri məsafəyə riayət etmək, iş otaqlarını daim havalandırmaq, səthləri müntəzəm silmək, otaqların təmizliyinə və gigiyenasına əməl etmək, əllərin yuyulması və dezinfeksiya üçün zəruri şərait yaratmaq, lazım gəldikdə işçiləri fərdi qoruyucu vasitələrlə pulsuz təmin etmək, habelə heyətə psixoloji dəstək göstərmək kimi tövsiyələr verib.