İQTİSADİYYAT
Beynəlxalq forumda “elektron hökumət”in inkişaf meyilləri və yeni imkanlar müzakirə olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də “BakuTel-2014” sərgisi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “eGov 3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda beynəlxalq forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov son zamanlar ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, hazırda nüvə texnologiyaları sahəsində araşdırmalar həyata keçirəcək yeni strukturun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir. Bundan başqa, bu il İKT sektorunun artım sürətinin hər il müşahidə olunan 20-25 faizdən çox olacağı gözlənilir. Ümumilikdə bu günədək Azərbaycanın İKT sektorunun inkişafına 3 milyard dollara yaxın investisiya qoyulub. Bu sərmayələrin nəticəsi olaraq ölkədə NGN texnologiyası üzərində qurulmuş stasionar rabitə şəbəkəsi gündən-günə genişlənir, internetin ümumi trafikinin həcmi 300 GB-i ötüb. “Elektron hökumət” portalına bu gün 296 dövlət xidməti inteqrasiya edilib və bu sahədə işlər intensiv şəkildə həyata keçirilir.
İ.Məmmədov diqqətə çatdırıb ki, bu günlərdə “Milli genişzolaqlı internetin inkişafı” Dövlət Proqramının reallaşdırılmasına başlanılacaq. Bu isə ölkənin bütün rayon və kəndlərində əhalinin genişzolaqlı internetə çıxışını təmin edəcək.
Forum işini “E-gov xidmətlərinin ən müasir modelləri”, “Elektron cəmiyyət üçün innovativ texnologiyalar”, “Elektron hökumət daimi inkişaf amili kimi” mövzularında keçirilən panel iclasları ilə davam etdirib.
İclaslarda “elektron hökumət” ilə bağlı strateji yanaşmalar, informasiya cəmiyyətinin yaradılması istiqamətində Azərbaycanda görülmüş işlər, müxtəlif ölkələrin ən uğurlu “elektron hökumət” siyasəti müzakirə olunub.
Forumda insanların rifahının yüksəlməsinə yönəldilmiş innovativ xidmətlər - təhsil, nəqliyyat, ödəniş, bank işi sahəsindəki yeniliklərdən bəhs edilib.