Beynəlxalq hüquqa görə Xocalı soyqırımı ən ağır cinayət hesab edilir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Şirvan Apellyasiya Məhkəməsində XX əsrin faciəsi - Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Apellyasiya Məhkəməsindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımının XX əsrdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulamışdır. O, qətliamın Azərbaycan xalqına qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələlərlə həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu qeyd etmiş və bu terror aktının sırf milli mənsubiyyətinə görə soydaşlarımıza qarşı törədilməsinin ağır nəticələrindən böyük kədər hissi ilə danışmışdır. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular.
Qeyd olunmuşdur ki, dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti isə yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Q.Əsgərov Azərbaycanın yaxın tarixi keçmişində xalqımıza qarşı törədilmiş soyqırımı aktlarının əsl səbəbləri barədə gənclər arasında geniş izahat işləri aparmağın zəruriliyini vurğulamış və bu məsələdə elm və ictimaiyyət xadimlərinin, eləcə də hüquqşünasların da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırmışdır.
Məhkəmənin hakimləri və aparat işçiləri çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunaraq bildirmişlər ki, hazırda Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon daxil olmaqla torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Xocalı həqiqətləri ən ağır cinayət hesab edilərək dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, erməni şovinistlərinin qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.
Vurğulanmışdır ki, Xocalı soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.