ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda “Azərbaycan multikulturalizminin formalaşmasında İslam dininin təsiri” mövzusunda məruzə dinlənilib
Bakı, 3 iyul, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunun direktor müavini Qabil Camalov İran İslam Respublikasının Tehran Universitetinin İlahiyyat və İslam Maarifi İnstitutunda keçirilən “Sülh şəraitində birgəyaşayışın təmin olunmasında İslam təlimlərinin imkanları” adlı beynəlxalq elmi konfransda iştirak edib.
Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, dünyanın 50-dən çox ölkəsinin, o cümlədən Rusiya Federasiyasının alimlərinin qatıldığı konfransda Q.Camalov “Azərbaycan multikulturalizminin formalaşmasında İslam dininin təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, Quranın birgəyaşayış haqqında ayələrinə istinad edərək Azərbaycan Respublikasında dini və mədəni zəmində heç bir qarşıdurma olmadığını vurğulayıb. Alim Azərbaycanda 644 dini icmanın, o cümlədən 24 qeyri-islam icmasının fəaliyyət göstərdiyini, ölkəmizdə multikulturalizmin dövlət siyasəti olduğunu qeyd edib.