Beynəlxalq konfransda pandemiya dövründə ölkəmizdə KOB-lara göstərilən dəstək tədbirlərindən danışılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyinin və bu ölkənin Kiçik və Orta Sahibkarlıq Sektorunun İnkişafı Təşkilatının təşkilatçılığı ilə keçirilmiş “KOB Konfrans 2020 - Şərq Tərəfdaşlığı: ümumi problemlər və həll yolları” mövzusunda onlayn tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Şərq Tərəfdaşlığı ölkələrindən olan rəsmi şəxslərin, KOB və investisiya sahəsində müvafiq qurumların və sahibkarların iştirakı ilə təşkil olunmuş onlayn konfransda COVID-19 pandemiyası ilə əlaqədar özəl sektorun, xüsusilə də KOB subyektlərinin qarşılaşdığı çətinliklər, Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinin pandemiyanın KOB-lara neqativ təsirlərinin minimuma endirilməsi istiqamətində gördüyü qabaqlayıcı tədbirlər və dəstəklər, bu sahədə ölkələrin uğurlu təcrübələri, Avropa İttifaqının dəstəyi, postpandemiya dövründə görüləcək işlər barədə məlumat verilib, həll yolları, yeni texnologiyalar müzakirə olunub.
Beynəlxalq konfransdakı çıxışında KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən KOB-lara göstərilən dəstək tədbirləri, KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, pandemiyanın dünya iqtisadiyyatına neqativ təsiri nəticəsində demək olar ki, bütün ölkələrdəki KOB-lar oxşar çətinliklərlə üzləşiblər və Şərq Tərəfdaşlığı platforması çərçivəsində ortaq məsələlərə dair fikir mübadiləsinin aparılması milli KOB dəstək proqramlarının səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək. İlk gündən Azərbaycan dövləti müxtəlif dəstək mexanizmləri ilə pandemiyadan zərər çəkən sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarların yanında olub. İqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar çərçivəsində pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlara birbaşa maliyyə dəstəyi göstərilib, muzdlu işçilərə əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödənilib, KOB-lar üçün vergi güzəştləri və tətilləri, həmçinin yeni güzəştli kreditləşdirmə mexanizmləri işə salınıb. Postpandemiya dövründə KOB-ların iqtisadiyyatın bütün sahələrində rolunun və rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində tədbirlər davamlı olacaq, yeni sektorlar və istiqamətlər inkişaf etdiriləcək. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialı da biznes üçün yeni imkanlar yaradır.
Onlayn konfransda, həmçinin KOBİA yanında İctimai Şurada təmsil olunan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının rəhbərləri də çıxış ediblər.