Beynəlxalq konqresdə muxtar respublikanın alimlərinin apardıqları tədqiqatın nəticələri maraqla qarşılanıb
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Türkiyə Kimya Dərnəyi ilə Tekirdağ Namiq Kamal Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 33-cü Beynəlxalq onlayn kimya konqresində muxtar respublikanın alimlərinin apardıqları tədqiqatın nəticələri maraqla qarşılanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, elmi məqalənin həmmüəllifləri universitetin Kimya kafedrasının dosenti, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Əliəddin Abbasov, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və universitetin Kimya kafedrasının laboratoriya müdiri Aygün Qocayevadır.
Həmmüəlliflər Cow2+, Zn2+, Co2+, Ni2+, Cd2+və Pb2+ionlarının Dowex Marafonu C (sülfonik qrupu ilə, H+) və Diaion WK 40 (karboksil qrupu ilə, H+) kationitlərinin sorbsiyasının tarazlıq vəziyyəti və kinetikasını öyrənib termodinamik parametrləri tədqiq ediblər. Müəlliflərin elmi məqaləsində proseslərin tarazlıq və kinetik tədqiqatlar nəticəsində əldə edilən məlumatlara əsasən sorbsiya izotermləri təşkil edilib və müvafiq tənliklər irəli sürülüb.
Konqresdə təqdimatla universitetin Kimya kafedrasının laboratoriya müdiri Aygün Qocayeva çıxış edib.