“Beynəlxalq oftalmologiya günü”nə həsr olunmuş vebinar keçirilib
Bakı, 10 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığı çərçivəsində “Beynəlxalq oftalmologiya günü”nə həsr olunmuş vebinar keçirilib.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinara birliyin nəzdində olan müəssisələrdə çalışan oftalmoloqlar cəlb edilib.
Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Vüsalə Əsədova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Müasir Oftalmologiyanın İnkişafına Yardım İctimai Birliyinin sədri Emin Əlihüseynli şəkərli diabet xəstələrində rast gəlinən diabetik retinopatiyaların diaqnostikası və müalicə prinsipləri barədə məlumat veriblər.
Çıxış edənlər, həmçinin gənc tədqiqatçılar üçün nəzərdə tutulmuş beynəlxalq proqramlar, layihələrin siyahısı və üstünlükləri haqqında geniş məlumatlar veriblər.