BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ İDMANÇILARIN CİNSİ MƏNSUBİYYƏTİNİ ARAŞDIRMAĞI ÖYRƏNƏCƏKDİR
Bakı, 29 oktyabr (AZƏRTAC). Beynəlxalq Olimpiya Komitəsi (BOK) tibbi ekspertləri cəlb etməklə idmançıların cinsi mənsubiyyəti məsələlərinə həsr olunmuş xüsusi konfrans keçirmək niyyətindədir.
BOK rəhbərliyini bu addımı atmağa Cənubi Afrikanın qadın atleti Kaster Semeni ətrafında yaranmış səs-küy məcbur etmişdir. Qaçış üzrə 2009-cu ilin dünya çempionu olan bu qadının kişilərə xas olan bədən və sifət quruluşu, səs tembrinin çox aşağı olması ictimaiyyətin və atletin çempionat üzrə rəqiblərinin diqqətini cəlb etmişdir. Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) dünya çempionunun avqust ayında Berlin klinikasında keçdiyi testin nəticələrini əldə etmişdir. Hazırda həmin nəticələr ekspertlər qrupu tərəfindən təkrar yoxlanılır.
BOK-un tibbi komissiyasının rəhbəri Arne Linkvistin sözlərinə görə, konfrans yanvarın 15-17-də Floridada keçiriləcəkdir. Konfransda 10-15 alim və idman federasiyalarının tibbi komissiyalarının nümayəndələri iştirak edəcəklər.
Linkvist demişdir: “Hərdən elə anlaşılmaz hallarla rastlaşırsan ki, onların idmana və yaxud daha çox təbabətə aid olduğunu aydınlaşdırmaq lazım gəlir”.
Beynəlxalq Olimpiya Komitəsi insanın qeyri-adi cinsi xüsusiyyətlərə malik olması vəziyyətinin elmi cəhətdən əsaslandırılması imkanlarını araşdıracaqdır. Belə hallarda kişi və yaxud qadın idmançı hormonal terapiya da daxil olmaqla xüsusi müalicə ala biləcəkdir.