Beynəlxalq Qızıl Xaç Komitəsinin ekspertləri Sumqayıtda olmuşlar
Sumqayıt, 2 may (AZƏRTAC). Beynəlxalq Qızıl Xaç komitəsinin və Avstriya Qızıl Xaç Cəmiyyətinin ilk yardım sahəsi üzrə ekspertləri xanım Megan Turkington və doktor Gernot Gromer, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin məsul işçisi Rasim Allazov Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin ofisində olmuşlar.
AZƏRTAC xəbər verir ki, burada keçirilən görüşdə “İlk yardımın qiymətləndirilməsi və potensialın öyrənilməsi” mövzusu ətrafında müzakirələr aparılmışdır.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin fəaliyyəti haqqında məlumat verilmişdir. Bölmə tərəfindən ilk yardımın göstərilməsi mövzusunu əhatə edən videoçarx və slaydlar, ilk yardım vərdişlərinin aşılanması üçün istifadə olunan əyani vəsait və avadanlıqlar nümayiş olunmuşdur. Müzakirələr zamanı bu sahənin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülmüşdür.
Qonaqlar ofisdən yüksək təəssüratlarla ayrılaraq şəhər təcili tibbi yardım xəstəxanasında və təcili tibbi yardım stansiyasına da baş çəkmişlər. Xarici ekspertlər təcili tibbi yardımın mövcud vəziyyəti ilə yaxından tanış olmuşlar.
Sonda qonaqlar görüş iştirakçıları ilə xatirə şəkli çəkdirmişlər.