REGİONLAR
Beynəlxalq Türk Akademiyasının prezidenti: Türk dünyasının arxeoloqları, alimləri arasında inteqrasiya prosesi başlayıb
Şuşa, 16 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası türk əməkdaşlıq təşkilatlarından biridir və əsas məqsədi türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsidir. Bu missiya çərçivəsində ötən il Səmərqənd şəhərində Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyi yaradılıb.
Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib.
O bildirib ki, bu gün Şuşada Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin birinci toplantısı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə birlikdə təşkil edilən tədbirin əsas məqsədi Türk dünyasının arxeologiya mərkəzlərinin, institutlarının əməkdaşlığını gücləndirməkdir. Bu platforma nəticəsində Türk dünyasında xüsusilə orta əsrlər türk arxeologiyası ilə məşğul olan mütəxəssislər, arxeoloqlar, alimlər arasında inteqrasiya prosesi başlayıb və türk dünyası üçün mühüm olan mövzular araşdırılır. Bu sahədə müştərək arxeoloji qazıntıların, müxtəlif tədbirlərin, o cümlədən müştərək elmi araşdırmaların aparılması planlaşdırılır.
“Bu gün bizim toplantıda 8 dövlətdən tanınmış arxeoloqlar, alimlər iştirak edib. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə türk arxeologiyası sahəsində nailiyyətlər əldə etməyimizə kömək olar”, – deyə Şahin Mustafayev əlavə edib.