BƏZİ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ŞAYİƏLƏRLƏ İCTİMAİYYƏTİ ÇAŞDIRMAĞA ÇALIŞMALARI YOL VERİLMƏZ HALDIR
Kütləvi informasiya vasitələrində dərc olunan yazılar dəqiq, konkret faktlara əsaslanmalı, hadisə barədə məlumatlar hüquq mühafizə orqanlarından dəqiqləşdirilməlidir.
Belə ki, heç bir hadisə baş vermədiyi halda, 1 saylı uşaq evinin himayəsində olan Röyal Salahlının Rəhim Abbasovla birlikdə heç kimə bildirmədən Sumqayıt şəhərində yaşayan xalasının evinə icazəsiz getməsi və bir neçə saatdan sonra geri qayıtması mətbuat orqanlarında dərc edilən yazılarda cinayət kimi qələmə verilmişdir. Hətta faktlar dəqiqləşdirilmədən bu yazılarda rayon ərazisindəki su gölməçələrinin birində onların qohumlarında narahatlıq doğura biləcək naməlum uşaq meyitinin tapılması barədə informasiya verilmişdir.
Həmçinin bir sıra kütləvi informasiya vasitələrində Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun nəvəsinin oğurlanması barədə həqiqətə uyğun olmayan yazılar dərc edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Mətbuat Şurası ilə birlikdə jurnalistlərin maarifləndirilməsi, hüquqi biliklərinin artırılmasına dair seminarın keçirilməsi və bu barədə bəhs edilməsinə baxmayaraq, təəssüf ki, mətbuat orqanlarında heç bir əsası olmayan və real faktlara söykənməyən belə yazılar dərc edilir.
Bu cür yazılar vətəndaşlarda narahatlıq doğurmaqla, ölkədə kriminogen durumun gərginləşməsi barədə çaşqınlıq yaranmasına xidmət edir.