REGİONLAR
Biləsuvarda İran vətəndaşlarından 16 kiloqram narkotik vasitə və silah-sursat götürülüb
![Biləsuvarda İran vətəndaşlarından 16 kiloqram narkotik vasitə və silah-sursat götürülüb](/files/2020/1/1200x630/15797605804665521437_1200x630.jpg)
Biləsuvar, 23 yanvar, Mahir Babayev, AZƏRTAC
Biləsuvar polisi ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirən İran vətəndaşlarını saxlayıb. Onlardan, ümumilikdə, 16 kiloqram 400 qram narkotik vasitə və psixotrop maddə, həmçinin silah-sursat aşkarlanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildiriblər.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində İran İslam Respublikasının vətəndaşları Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq şöbəyə gətirilib. Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram heroin, 5 kiloqram 300 qram tiryək, 5 kiloqram 600 qram metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərək geri qayıtmalı idilər.
Faktla bağlı araşdırma aparılır.