Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb VİDEO
Biləsuvar, 30 iyun, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib. Tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan, ümumilikdə, 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövründə keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.