Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs yaxalanıb
Bakı, 2 fevral, AZƏRTAC
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb. Onun üzərinə baxış zamanı bir büküm heroin aşkarlanıb.
İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib. Narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən N.Ağayev də saxlanılaraq 3-cü polis bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 heroin və 21,730 qram metamfetamin aşkar olunub.
Faktlarla bağlı həmin polis bölməsində toplanan materiallar üzrə Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.