Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Bakıdakı 284 nömrəli tam orta məktəbdə Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbulda vətəndaşların məktəblərin maddi-texniki təminatı, ümumtəhsil müəssisələrində vakant vəzifələr üzrə işə qəbul və digər müvafiq məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.