“Bir qəlbin nəqəratsız nəğməsi” nələrdən danışır?
Bakı, 29 mart, AZƏRTAC
Çoxları elə sanır ki, görən gözlərdir. Əsla. Gözlər sadəcə baxmaq üçündür. Görənsə qəlb və əqldir. Nadir insanlar da var ki, onların heç gözə ehtiyacı yoxdur. İstənilən uzaq nöqtəyə qiyabi şəkildə nəzər sala bilirlər...
Bu sətirlər Əməkdar Jurnalist, yazıçı-publisist Azad Müzəffərlinin “Bir qəlbin nəqəratsız nəğməsi” adlı kitabındakı eyniadlı hekayəsindən götürülüb.
AZƏRTAC xəbər verir ki, kitabda “Bir qəlbin nəqəratsız nəğməsi”, “Fərqli baxış bucağı”, “Gəl, sənə nağıl danışım”, “Tükənməz xəzinə”, “Milli-mənəvi dəyərlər”, “Haqq nazilsə də, üzülməz”, “Nə əkərsən, onu da biçərsən” bölmələrində müəllifin 26 hekayəsi yer alıb.
Şair, jurnalist Vəli Əkbər “Nəqəratsız nəğmələrin alqoritmi” sərlövhəli ön sözdə qeyd edir ki, A.Müzəffərlinin yazı üslubunda onun jurnalistliyi də mühüm rol oynayır. Belə ki, müəllif gündəlik həyatda rastlaşdığı hadisələrə, insanlara bədii don geyindirərək onları ədəbi hadisələrə, obrazlara çevirir. Buna görə də kitabda toplanmış hekayələrin əksəriyyəti real həyatdakı insanlara yönəlib. Yazıçının qəhrəmanları səmimiliyi, ünsiyyətcilliyi, istiqanlılığı ilə oxucunun qəlbinə yol tapır. Bu da təsadüfi deyil. A.Müzəffərlinin yazıçı istedadının arxasında zəngin, mənalı, mükəmməl bir həyat yolu dayanır.
Bu hekayələrdə diqqəti cəlb edən digər məqam müəllifin həyata fəlsəfi baxışıdır. İnsan psixologiyasının dərin qatlarına nüfuz edən bədii qənaətlər oxucunu düşünməyə sövq edir. Müəllifin əksər hekayələrində dəqiq zaman göstəriciləri var. Çünki bir çox hallarda qələmə alınan hadisələr müəllifin özünə aid yaşantılardır ki, sadəcə ayrı-ayrı obrazlar vasitəsilə təqdim olunur.
Hadisələrin sürətlə cərəyan etdiyi müasir dünyada A.Müzəffərlinin hekayələri ötüb-keçən zamanın sanki dayanacaqlarıdır. Bu hekayələr oxucunu dönüb ətrafına, onu əhatə edən insanlara baxmağa səsləyir.
“ÇapArt” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru Əli Nəcəfxanlıdır.
Qeyd edək ki, Əməkdar Jurnalistin “İdrak süzgəcindən keçirdiklərim” adlı ilk kitabı oxucuların böyük marağına səbəb olub.
A.Müzəffərli 1962-ci ildə Bakıda doğulub. Pedaqoji, texniki və jurnalistika təhsili alıb. 1990-cı ildən Azərbaycan Televiziyasında çalışır. Hekayələri “Ədəbiyyat” qəzetində, “525-ci qəzet”də, “Ulduz” jurnalında və digər kütləvi informasiya vasitələrində dərc edilib.