CƏMİYYƏT
Bir qrup səhiyyə mütəxəssisimiz Türkiyədə səfərdədir
![Bir qrup səhiyyə mütəxəssisimiz Türkiyədə səfərdədir](/files/2022/2/1200x630/16549329614859647836_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
“PROACT-Qayğı” layihəsi çərçivəsində ictimai səhiyyə xidmətlərinin yaxşılaşdırılması məqsədilə bir qrup səhiyyə üzrə mütəxəssis Türkiyədə səfərdədir.
Nümayəndə heyəti Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Tibb Universitetinin (ATU) və aidiyyəti səhiyyə qurumlarının nümayəndələrindən ibarətdir.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, səfər zamanı nümayəndə heyəti Dokuz Eylül Universitetində olub, Universitetin rəhbərliyi ilə görüşərək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
“PROACT-Qayğı” layihəsi Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur. Bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.
ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın “Ukaid”, Rumıniyanın “RoAid” təşkilatları və “UHC-Əməkdaşlıq” təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.