“Bir” Tələbə-Könüllü Proqramından yeni layihəyə dəstək
Bakı, 8 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının dəstəyi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən “Səyahətin başlanğıcı və son nöqtəsi” layihəsi həyata keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir. Aprelin 8-dən etibarən tələbə-könüllülərin dəstəyi ilə sərnişinlər arasında 77 gün ərzində sosial sorğu keçiriləcək. Könüllülər avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda sərnişinlərə müraciət edəcəklər. Sorğu onlayn qaydada da aparılacaq.
Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramının 20 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.