REGİONLAR
Birdəfəlik ödəmələr şəhid ailələrinə həm maddi, həm də böyük mənəvi dəstəkdir
Ağdam, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Şəhid ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin Fərmanı ilə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinə maddi kömək olmaqla yanaşı, həm də böyük mənəvi dəstəkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Ağdam rayonu Qaradağlı kənd sakini, şəhid Zakir Tağıyevin övladı Hafiz Tağıyev deyib.
Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda Zakir Tağıyev könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdamda yaradılan özünümüdafiə batalyonunun tərkibində bir çox döyüşlərdə iştirak edib. İki dəfə yaralansa da, yenidən döyüşlərə qayıdıb. Xocalı soyqırımı zamanı xocalılıların çıxarılmasında yaxından iştirak edib. 1993-cü il avqustun 7-də Kəngərli və Çəlik kəndləri uğrunda gedən döyüşdə şəhid olub.
"Biz ölkəmizdə şəhid ailələrinə olan hörmətdən, göstərilən yüksək qayğıdan razıyıq. Dövlətimizin başçısının şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı Fərmana əsasən, bizə də 11 min manat məbləğində birdəfəlik ödəmə olunub. Bir şəhid övladı kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə minnətdaram. Prezident İlham Əliyevin yanvarın 28-də şəhid ailələri ilə görüşməsi də bu qəbildən olan insanlara böyük ehtiramın göstəricisidir. Atam Vətən uğrunda şəhid olub. Ali Baş Komandan əmr verərsə, mən də atam kimi Vətənimin ərazi bütövlüyü uğrunda döyüşlərə hazıram", - deyə Hafiz Tağıyev bildirib.