Birgə tədqiqatların aparılması üçün müqavilə imzalanacaq
Bakı, 12 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Yer Maqnetizmi və Radiodalğaların Yayılması İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Mariya Raulskaya və Yelizaveta Xramova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) olublar.
RPİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə direktor, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqlara institutun tarixi, elmi fəaliyyət istiqamətləri və nailiyyətləri barədə məlumat verib.
Rusiyalı alimlər RPİ-də neft və onun müxtəlif fraksiyalarının günəş şüalarının təsiri altında parçalanması prosesləri, eləcə də radioaktiv şüaların atmosferə təsiri üzrə aparılan tədqiqatları yüksək qiymətləndiriblər. Onlar müvafiq istiqamətlərdə birgə araşdırmalara başlanılması üçün əməkdaşlıq müqaviləsi bağlamağın və həmin sənədin müxtəlif bölmələrinin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra qonaqlar Radiasiya Problemləri İnstitutunun laboratoriyaları ilə tanış olublar.