İDMAN
Birinci Avropa Oyunlarında iştirak edəcək Gürcüstan idmançılarının bir qrupu Bakıya yola düşüb
Tbilisi, 11 iyun, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək Gürcüstan idmançılarının bir qrupu iyunun 11-də Tbilisi aeroportundan Azərbaycana yola düşüb. Onları Gürcüstan Gənclər və idman Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, eləcə də yaxınları yola salıblar.
Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, stend atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionu Nino Salukvadze AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Bu gün Bakıya boks, cüdo, yunan-Roma güləşi, güllə və ox atıcılığı, qılıncoynatma üzrə 30 idmançı, onların məşqçiləri və həkimləri gedir. Ümumiyyətlə isə biz “Bakı-2015” İlk Avropa Oyunlarında 105 idmançı ilə təmsil olunacağıq. Onların arasında bir sıra dünya və Avropa çempionları var. Hər birimiz Bakıya yeni qızıl medal üçün gedirik”.
Gürcüstan Boks Federasiyasının Prezidenti David Kvaçadze isə bildirib ki, Bakıda ilk Avropa Oyunlarında medallar uğrunda 9 boksçu mübarizə aparacaq. O deyib: “Azərbaycanda idmana böyük maraq var. Ən başlıcası isə ölkənizdə idmana və idmançılara yüksək dövlət qayğısı göstərilir və bu da inkişaf üçün əsas amildir. Bilirik ki, Bakıda güclü idmançılarla qarşılaşacağıq. Bizim idmançılar da yaxşı hazırlaşıblar. Hələlik kimin güclü olduğunu deyə bilmərəm. Amma qoy güclü olan qalib gəlsin”.
Gürcüstanda ilk Avropa Oyunlarında qalib gələcək idmançılar üçün xüsusi mükafatlar nəzərdə tutulub. Belə ki, yarışlarda birinci yeri tutan idmançıya 68 min lari (təqribən 33,5 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü yerin sahibinə isə 34 min lari veriləcək. Birinci yeri tutan komandaya 270 min lari, ikinci və üçüncü yerə çıxan komandalara isə müvafiq olaraq 204 və 136 min lari mükafat təyin olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi