İDMAN
Birinci Avropa Oyunlarının hər günü Azərbaycan yığmasının zəfəri ilə yadda qalır
Bakı, 21 iyun, E.Qəzvini, AZƏRTAC
İyunun 21-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Bakı-2015” birinci Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Azərbaycanın Olimpiya çempionu Lyudmila Şubina və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışların doqquzuncu gününün də atletlərimiz üçün uğurlu keçdiyini deyib. O bildirib ki, dünən Azərbaycan 33-cü medalını qazandı. Azərbaycanın kişi gimnastı Oleq Stepko yarışlarda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazandı. “Söz yox ki, böyük bir tarixi hadisə olan ilk Avropa Oyunları, eləcə də idmançılarımızın bu Oyunlarda parlaq qələbələri hər kəsin yaddaşında qalacaq”, - deyə Ç.Hüseynzadə qeyd edib.
Sonra Azərbaycana 5 medal qazandırmış Oleq Stepkoya MOK-un hədiyyələri təqdim olunub.
Xüsusi hazırlanmış şərəf lövhəsinə imza atan O.Stepko deyib: “İdman gimnastikası üzrə yarışları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın izləməsi mənə stimul verdi. Şadam ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycana medallar qazandırdım”.