İDMAN
Birinci Avropa Oyunlarının qalibləri Bakını heç vaxt unutmayacaqlarını deyirlər
Bakı, 17 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının pnevmatik tüfəngdən hədəfə atəş açma və stend atıcılığı yarışlarında iştirak edən qadın və kişi atletlər Oyunlarla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüblər.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarında kişilər arasında pnevmatik tüfəngdən atəş açma yarışında qızıl medal qazanan Belarusun üçqat Olimpiya çempionu Vitali Bubnoviç Bakıda keçirdiyi günləri heç vaxt unutmayacağını deyib: “Mən bu Oyunları həyatım boyu yaddan çıxarmayacağam. Dünya çempionatında bürünc medal qazanmışam. Lakin Bakıda əldə etdiyim uğur - 16 iyun tarixi mənim üçün çox əlamətdardır”.
Yarışı üçüncü yerdə başa vuran israilli atıcı Sergey Balına da Bakıda unudulmaz günlər yaşadığını bildirib: “Mən qızıl medalı əldə edə bilmədim, lakin əlimdən gələni etdim. Həqiqətən də gərgin mübarizə getdi. İlk Avropa Oyunlarının iştirakçısı olmaqdan çox məmnunam”.
Qadınlar arasında mübarizə də olduqca qızğın keçib. Mübarizənin qalibi serbiyalı Andrea Arsoviç çox xoşbəxt olduğunu qeyd edib: “Mən komandama, məşqçimə və bu Oyunların təşkilatçılarına təşəkkür edirəm. Yaxşı hazırlaşmışdım və qalib gəldim. Bu, Serbiyanın ilk qızıl medalıdır”.
Stend atıcılığı üzrə yarışın qalibi ispaniyalı Fatima Galvez yarışlara yüksək səviyyədə hazırlaşdığını deyib: “Mən ilk Avropa Oyunlarının medalçısı kimi çox xoşbəxtəm. “Bakı-2015” mənim üçün uğurlu oldu. Çünki mən “Rio-2016” Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandım. Buna görə çox sevinirəm”.