REGİONLAR
Birinci rübdə Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb
Naxçıvan, 8 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər 2019-cu ilin birinci rübündə də davam etdirilib. Ötən dövrdə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti göstərən 35 əcnəbi aşkarlanıb.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin əcnəbilər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 1642 müraciətdən 1359-u əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, 178-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 2-si müvəqqəti yaşamaq üçün icazənin yenidən rəsmiləşdirilməsi, 8-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, 95-i isə vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Qeyd olunan müraciətlərin 590-ı xidmətin e-mail ünvanına və “Elektron hökumət” portalına daxil olub.