BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX ZAYİD BİN SULTAN AL NƏHƏYYANA
Ölkənizin milli bayramı – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradılması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaranmış xoş münasibətlər xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, bu gün qarşılıqlı münasibətlərimiz üçün səciyyəvi olan dostluq və əməkdaşlıq mühitini birgə səylərimiz ilə bundan sonra da qoruyub saxlayacaq və inkişaf etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin dost və qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 noyabr 2003-cü il.