BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN TÜRKMƏNİSTANA HƏDİYYƏSİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ EDİLƏCƏK
Qərarda deyilir ki, Mərv vilayətinin hava limanında sərnişin terminalının layihələşdirilməsi və tikilməsi haqqında “Türkmənistan Hava Yolları” ilə Türkiyənin “Efor” şirkəti arasında ümumi dəyəri 5 milyon dollar olan müqavilə BƏƏ-nin Prezidenti şeyx Xəlifə bin Zaid Al Nəhyanın təmənnasız verdiyi vəsait hesabına maliyyələşdiriləcəkdir.
BƏƏ başçısı hələ vəliəhd olarkən şahinlə ov edənlərin sevimli yeri sayılan Mərv vilayətinə dəfələrlə gəlmişdir. 2004-cü ildən BƏƏ-nin “Kron Prins Mənicment” şirkəti hava limanında 12 milyon dollar dəyərində uçuş-enmə zolağı tikdirmişdir. Həmin vəsaiti də BƏƏ rəhbərliyi hədiyyə kimi ayırmışdı.
Ərəb şeyxlərinin xeyriyyə məqsədi ilə etdikləri hədiyyələr və ya ayırdıqları güzəştli kreditlər hesabına layihələrin gerçəkləşdirilməsi Türkmənistanla BƏƏ arasında qarşılıqlı əlaqələrin başlıca xüsusiyyətlərindən biridir. Xeyriyyəçilik vəsaiti hesabına Aşqabadda Yetim uşaqlar sarayı, Ana və uşaq hospitalı, habelə məscid, dağətəyi zonada sanatoriya və nevrologiya mərkəzi tikilmişdir. BƏƏ Prezidenti kimi fevralda Türkmənistana ilk səfəri zamanı Xəlifə bin Zaid Al Nəhyan 11 milyon dollar məbləğində növbəti xeyriyyə hədiyyəsi etmişdir.