BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ UŞAQ FONDUNUN İCRAÇI DİREKTORU XANIM ENN VENEMANA
Böyük məmnunluq hissi ilə Sizi başçılıq etdiyiniz Fondun 60 illiyi münasibətilə təbrik edirəm.
Bi illər ərzində Fond öz ali məqsədlərinə sədaqətlə xidmət göstərərək, Yer kürəsində yaşayan bütün uşaqların hüquqlarının səlahiyyətli müdafiəçisi kimi çıxış etmişdir. O, uşaq hüquqlarının qorunması naminə hökumət və cəmiyyətlərin səylərini səfərbər etmiş, siyasi iradə ilə mövcud resurslar arasında tarazlıq yaratmışdır. Fondun çoxşaxəli fəaliyyəti çərçivəsində təhsil və səhiyyə sahələrində gördüyü işlər milyonlarla uşağın taleyində böyük rol oynayır. Hər bir ölkənin gələcək inkişafı üçün uşaqlara göstərilən qayğı və köməyin əhəmiyyəti baxımından rəhbəri olduğunuz qurumun xidmətləri yüksək qiymətləndirilməlidir.
Fondun ölkəmizdə işə başlayan ilk beynəlxalq təşkilatlardan biri olduğunu Azərbaycanda yaxşı xatırlayırlar. O ağır illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələri tərəfindən öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün düşmüş insanlara, xüsusən uşaqlara təşkilatınızın göstərdiyi yardımı biz heç vaxt unutmayacağıq. Qaçqın və məcburi köçkün uşaqların problemləri ilə yanaşı, keçid dövrünü səciyyələndirən bir sıra mürrəkəb məsələlərin həllində Fondunuzun Azərbaycandakı nümayəndəliyinin apardığı işlər də təqdirəlayiqdir.
Uşaq Fondunun hər yeni uğuru, hər yeni nailiyyəti yetişməkdə olan nəslin xoşbəxt gələcəyinin təmin edilməsinə, onların sağlamlığının və təhsil səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu nəcib fəaliyyətinizi dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının Yeni Minillik Deklarasiyasının bəyan etdiyi müddəaların Azərbaycanda birgə səylərimiz nəticəsində müvəffəqiyyətlə həyata keçiriləcəyinə əmin olduğumu bildirirəm.
Ümidvaram ki, Fond bundan sonra da uşaq problemlərinin həllinə yönəlmiş fəaliyyətini uğurla davam etdirəcək, bütün dünyada uşaqların qayğı ilə əhatə olunaraq, sülh şəraitində yaşamaları üçün səylərini əsirgəməyəcəkdir.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2006-cı il.