“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi yekunlaşıb
Bakı, 10 avqust, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda reallaşdırdığı “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi uğurla yekunlaşıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində reallaşan “Böyük qayıdış”a və Qarabağda dirçəlişə töhfə vermək istəyən qarabağlı gənclər arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaq, həmçinin müxtəlif təlim və görüşlər vasitəsilə gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etməkdir.
“BirliyimİZ” devizi altında 7 gün davam edən düşərgədə 80 gənc “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül” və “Qayıdış” adlandırılan komandaların tərkibində iştirak ediblər. Düşərgədə gənclər üçün Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və tanınmış simaların iştirakı ilə görüşlər, hər bir komanda üçün şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları, ekskursiyalar və müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib.
Düşərgənin bağlanış mərasimində qəhrəman qazilərimiz Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə tədbir zalına gətiriblər. Düşərgə iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov Dövlət Bayrağını düşərgədə iştirak edən şəhid Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi Ləman Həsənovaya təqdim edib.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgənin iştirakçısı olan istedadlı gənclərin təqdimatında Qarabağın mədəniyyətinə aid musiqi, rəqs və şeir kompozisiyaları ilə davam edib.
Sonda “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin qalibləri açıqlanıb. Birliyimiz nəticəsində əldə olunan böyük Qələbənin simvollarının adını daşıyan komandalarda təmsil olunan Vətən müharibəsi qaziləri düşərgənin qalibləri elan ediliblər və mükafatlandırılıblar.
Böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulub.