“Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı konsert proqramları maraqla qarşılanır
Bakı, 2 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert mayın 1-də təqdim olunub.
AZƏRTAC xəbər verir ki, canlı efirin qonaqları BMM-nin solisti Əməkdar artist, Milli Konservatoriyanın professoru Təranə Əliyeva, yazıçı Ülviyyə Heydərova, Azərbaycan Dövlət Milli İncəsənət Universitetinin tələbələri Kamil Qədimzadə, Türkay Məlikova, Şəfiqə Abbasova və rəssam Gülşən Əliyeva olub.
Təranə Əliyeva Beynəlxalq Muğam Mərkəzinin karantin günlərində reallaşdırdığı layihələrdə iştirakı və “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təqdim etdiyi ifalardan söz açıb.
Bildirib ki, bu günlər ərzində tələbələri ilə birlikdə rəngarəng ifaları həm BMM-nin sosial hesablarından, həm də “Mədəniyyət” kanalının efirində yayımlanıb.
Verilişin iştirakçısı olan gənc istedadlar yaradıcılıq uğurlarını tamaşaçılarla bölüşüblər.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq Beynəlxalq Muğam Mərkəzindən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən Beynəlxalq Muğam Mərkəzinin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.