BOK ilk “Olimpizm fəaliyyətdə” forumunu keçirəcək
Bakı, 5 may, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2018-ci il oktyabrın 5-6-da Argentinanın paytaxtı Buenos-Ayresdə Olimpiya hərəkatı tarixində ilk dəfə “Olimpizm fəaliyyətdə” forumunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu hadisə 2020-ci il Olimpiya gündəliyində təqdim edilən tövsiyələrin yerinə yetirilməsi istiqamətində daha bir əməli addım olacaq.
“Olimpizm fəaliyyətdə” forumu daha yaxşı dünya quruculuğunda idmanın rolunun davam etdirilməsi üçün Olimpiya hərəkatı iştirakçılarına və vətəndaş cəmiyyətinə imkan verəcək ki, onlar mürəkkəb problemlərin həllində, açıq dialoq, idmanla və cəmiyyətlə əlaqəli innovativ ideyalar mübadiləsi üzrə səylərini birləşdirsinlər. 2018-ci ilin fevralında Pxençanda Şimali və Cənubi Koreya idmançılarının birgə nümunəsi bu ideyaların bariz nümunəsi oldu.
Forum çərçivəsində müzakirələr müxtəlif innovativ formatlarda, o cümlədən plenar iclaslar, birgə seminarlar, canlı efirdə müsahibə, spikerlərin və qonaqların ayrı-ayrı qrupları ilə məhsuldar və interaktiv danışıqlar şəklində keçiriləcək. Forum idmançılar, beynəlxalq federasiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, özəl və dövlət sektorlarının rəhbərləri, alimlər, KİV təmsilçiləri və mədəniyyət xadimləri olmaqla 1500 iştirakçını bir araya gətirəcək. Təqdim olunacaq ideyalar, inkişaf perspektivləri və təcrübə mübadiləsi Olimpiya hərəkatının gələcəyini müəyyənləşdirəcək, real dəyişikliklərə şərait yaradacaq və idmanın köməyi ilə daha yaxşı dünya qurulması istiqamətində öz missiyasını yerinə yetirmək üçün BOK-a kömək edəcək.