Bölgələrdə müddətli çalışan müəllimlərlə onlayn müsahibələr keçiriləcək
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 29-dan qeyd olunan kontingentin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiqləmələri barədə məlumat yerləşdirilib. Bu gün saat 00:00-da Bakı şəhəri üzrə qeydiyyat başa çatır. Artıq paytaxt üzrə namizədlərin 90 faizi onlayn müsahibələrdə iştirakını təsdiqləyib. Mayın 2-də namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Mayın 4-dən isə onlayn müsahibələrə start veriləcək. İlkin olaraq keçiriləcək müsahibələrdə Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edəcək.
Bu müddət ərzində nazirliyin “Qaynar xətt”inə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bu gün axşam saatlarından etibarən digər şəhər və rayonlar üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin şəxsi səhifələrinə də onlayn müsahibələrdə iştiraklarına şərait yaradılması məqsədilə məlumat göndəriləcək.
Namizədlər şəxsi səhifələrində təlimatla tanış olmalı, əlavə edilmiş hissəyə elektron ünvanı daxil etməli və mayın 7-si saat 00:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.