Bolqarıstan Mərkəzi və Qərbi Avropaya “İpək yolu” aça bilər
Bakı, 30 aprel, AZƏRTAC
Bolqarıstan Çin malları üçün bir növ körpü rolu oynayaraq, Mərkəzi və Qərbi Avropaya “İpək yolu” aça bilər.
AZƏRTAC novinite.ru saytına istinadla xəbər verir ki, Bolqarıstanın nəqliyyat naziri İvaylo Moskovski bunu Transxəzər nəqliyyat dəhlizi barədə parlament sorğusuna cavab olaraq bildirib.
Nazir xatırladıb ki, 2013-cü il noyabrın 7-də Astana şəhərində keçirilən “Yeni İpək yolu” mövzusunda II Beynəlxalq nəqliyyat-logistika biznes forumu çərçivəsində regionun üç aparıcı şirkətinin - “Qazaxıstan temir jolı” milli şirkəti səhmdar cəmiyyətinin, “Azərbaycan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “Gürcüstan dəmir yolları” Səhmdar Cəmiyyətinin liderləri Avropa ilə Aşıya arasında yük axınının artırılması məqsədilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin əlaqələndirilməsi üzrə komitə yaradılması barədə razılığa gəliblər.
TBNM Çindən Avropaya və əks istiqamətdə yüklərin Transxəzər marşrutu ilə daşınması üçün Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat-logistika şirkətlərinin təşəbbüsüdür.
Bolqarıstanın “BDJ - yük daşımaları” dövlət dəmir yolu operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaq barədə 2016-cı ilin əvvəlindən danışıqlar aparır.
İ.Moskovski deyib: “Bolqarıstan özünün strateji coğrafi mövqeyi sayəsində Çin malları üçün bir növ körpü rolu oynayaraq Mərkəzi və Qərbi Avropaya “İpək yolu” aça bilər”.
2017-ci ildə “BDJ - yük daşımaları” dövlət dəmir yolu operatoru “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına qoşulmaq üçün rəsmi dəvət alıb.