Bolqarıstanın “Standart” və “24 çaşa” qəzetləri Xocalı faciəsindən yazır
Buxarest, 26 fevral (AZƏRTAC). Bolqarıstanın “Standart” qəzetində jurnalist Lyubomir Mixaylovun “Xocalı soyqırımı - XX əsrin faciəsi” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun ölkənin aparıcı media qurumlarının nümayəndələri ilə görüşündə respublikamız haqqında verdiyi məlumatlar əsasında yazılmışdır.
Yazıda Azərbaycanın son on ildə sürətlə inkişaf etdiyi bildirilmiş, ölkənin iqtisadiyyatının üç dəfə artdığı vurğulanmışdır. Müəllif Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayaraq 20 ildən artıqdır işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkmir. Məqalədə Xocalı faciəsi haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərində törətdikləri qətliam nəticəsində bir gecədə 613 nəfər qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmuşdur.
X X X
“24 çasa” qəzetində isə “Dünya azərbaycanlıları Xocalı faciəsinin qurbanlarını yad edir” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, bu günlərdə ayrı-ayrı ölkələrdə Xocalı faciəsinin 22-ci ildönümü qeyd edilir. Diqqətə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etmişlər. Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə-yeksan edilmiş, dinc əhaliyə amansızlıqla divan tutulmuşdur. Qətliam nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Soyuq fevral axşamı insanlar öz evlərini tərk edərək meşələrdə qalmağa məcbur olmuşlar. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş ən böyük kütləvi qırğındır.
Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs edilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest