“Böyük Çin səddi” təqaüd proqramı elan edilib: Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb
Bakı, 15 fevral, AZƏRTAC
UNESCO Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramını elan edib. Magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat) səviyyələri üzrə elan olunan proqramın tədris dili ingilis və Çin dilləridir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb.
Proqrama müraciət etmək istəyən Azərbaycan vətəndaşları martın 1-dək Təhsil Nazirliyinin elektron ərizə sistemini və www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiqləməlidirlər.
Təqaüd proqramının müddəti bir ildir. Namizədlər təhsillərinin növbəti illərini digər təqaüd imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidirlər.
Təhsil haqqı, yataqxana və aylıq təqaüd (ixtisasartırma və magistratura üçün 3000 yuan, doktorantura üçün 3500 yuan) və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci, əlavə aylıq təqaüd (80 $) isə UNESCO tərəfindən qarşılanacaq.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.