Böyük Vətən müharibəsi veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Bakı, 4 aprel, AZƏRTAC
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 9 May - Qələbə Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov tədbirdə çıxış edərək Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərməsindən danışıb. Bildirib ki, bu cəbhələrdə 300 mindən çox azərbaycanlı həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni ilə təltif olunub. Ön cəbhədə göstərdikləri qəhrəmanlığa görə 176 min azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi cəbhələrində həlak olanların ailə üzvləri, müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin yaxşılaşdırılması Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin də daim diqqətində olan məsələlərdəndir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının şöbə müdiri Adil Haqverdiyev, həmin təşkilatın Şuşa rayon filialının sədri Ağalar Əliyev, müharibə illərində döyüşmüş cəsur partizan Xanlar Babanlının oğlu Tofiq Babanlı Böyük Vətən müharibəsi illərində xalqımızın igid oğlan və qızlarının rəşadətli döyüş yolundan söz açıblar.
Tədbirdə, həmçinin igid döyüşçü Xanlar Babanlı haqqında sənədli film nümayiş etdirilib.
Tədbir Şuşa Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 9 May - Qələbə Gününə həsr edilmiş musiqili ədəbi-bədii hissə ilə davam edib.