SİYASƏT
“BÖYÜK VOLQA YOLU” LAYİHƏSİ ƏMƏKDAŞLIĞIMIZ ÜÇÜN YENİ İMKANLAR AÇACAQDIR
BU FİKRİ BÖYÜK İNAMLA DEYİR
Xəbər verildiyi kimi, Bakıda Kazan şəhərinin 1000 illiyinə həsr olunmuş “Böyük Volqa Yolu” adlı beynəlxalq konfrans keçirilmişdir.
Tatarıstan Respublikası nümayəndə heyətinin başçısı, Kazan şəhərinin meri Kamil İsxakov vətənə yola düşməzdən əvvəl AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Böyük Volqa Yolu” layihəsi respublikalarımızın iqtisadi, mədəni cəhətdən daha da yaxınlaşmasına və çiçəklənməsinə kömək edəcək, əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır. Bu irimiqyaslı layihənin həyata keçirilməsindən ötən üç il ərzində biz Şimali Avropa ölkələrindən- magistralın mənbəyindən başlayaraq Stokholm, Helsinki, Riqa, Tallinn, Sankt-Peterburq, Kazan, Ulyanovsk, Samara, Saratov, Volqoqrad, Həştərxan, Mahaçqala, Dərbənd kimi şəhərlərdən keçib uzaq əcdadlarımızın yolunu təkrar etmişik. Bu şəhərlərin sırasına Bakı da əlavə olundu.
Layihəmizim bir neçə elmi və elmi-əməli istiqaməti vardır. O, Böyük Volqa Yolu coğrafi ərazisinə daxil olan regionların tarixinin və mədəniyyətinin yeni, naməlum səhifələrini açmaqla bərabər, iqtisadiyyat, mədəniyyət, elm, biznes və ətraf mühitin mühafizəsi sahələrində müasir məhsuldar beynəlxalq və regional əlaqələri də nizamlayacaqdır. Bolqa-Xəzər regionu ümumdünya mədəniyyətinin və bəşəriyyətin tarixi irsinin bir hissəsidir, regionlararası, milli və beynəlxalq əhəmiyyətə malikdir. Ona görə də regionda toplanmış təsərrüfat, intellektual və etnomədəni inkişaf təcrübəsinin geniş mədəni dövriyyəyə buraxılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətlərin reallaşdırılmasının məqsədi mədəni, konfessional və siyasi plüralizmin formalaşdırılması və möhkəmləndirilməsi, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişaf mexanizminin işlənib hazırlanması, etnomədəni və tarixi-memarlıq irsinin yaradılması, qorunub saxlanması və artırılması yollarının, tolerant, polietnik, polikonfessional cəmiyyət yaradılması naminə elm, təhsil, mədəniyyət sahələrində regionlararası əməkdaşlığın canlandırılması formalarının müəyyənləşdirilməsi olmalıdır.
Bakı konfransı bu məqsədlərə doğru yolda mühüm addım oldu, iqtisadi əməkdaşlığın, tarixi və mədəni qarşılıqlı fəaliyyətin ən aktual məsələlərini geniş müzakirə etməyə imkan verdi.