“BP Azerbaijan” “EY ilin iş adamı” müsabiqəsinə sponsorluq edir
Bakı, 25 aprel, AZƏRTAC
“BP Azerbaijan” şirkəti “EY ilin iş adamı” proqramına dəstək verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, sahibkarlar üçün dünyanın ən nüfuzlu biznes mükafatları proqramı olan, “Ernst & Young” (EY) şirkəti tərəfindən təsis edilmiş bu müsabiqə Azərbaycanda ilk dəfə keçirilir. BP yerli kiçik və orta sahibkarlığın inkişafına yardım etməklə bağlı götürdüyü uzunmüddətli öhdəliyinin bir hissəsi kimi bu müsabiqəyə qoşulub. Öz tərəfdaşları ilə birlikdə BP 2007-ciildən etibarən yerli sahibkarlar üçün milyonlarla dollar dəyərində olan bacarıqların inkişaf etdirilməsi proqramını maliyyələşdirir.
“On ildən çoxdur ki, tərəfdaşlarımızla birgə biz, yerli şirkətlərin inkişaf etdirilməsinə dəstək oluruq və bizim “Sahibkarlığın İnkişafı Proqramı”nda iştirak etmiş yüzlərlə şirkətin müstəsna inkişafını görməkdən qurur duyuruq. Bu şirkətlərdən çoxu hazırda qlobal miqyasda rəqabət aparacaq səviyyədədir, Azərbaycandakı əməliyyatlarımızda və layihələrimizdə milyonlarla dollar dəyərində müqavilələr qazanıb. Yerli təchizat zəncirinin inkişaf etməsinə yardım etmək üçün göstərdiyimiz səylər EY şirkətinin “İlin iş adamı” proqramının məqsədinə tam uyğundur. Bu proqram Azərbaycanda ilk dəfə olaraq şəxsləri və ya şirkətləri sahibkarlıq sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatla təltif edəcək. EY şirkətinə bu nüfuzlu müsabiqəyə qoşulmaq üçün yaratdığı imkana görə təşəkkür edirik və dünyanın müxtəlif yerlərindən seçilən ən yaxşı iş adamları arasında Azərbaycanı təmsil edən şəxsləri də görəcəyimizə ümid edirik”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Qeyd edək ki, BP və tərəfdaşları yerli biznesin inkişafına dəstək olmaq öhdəliyi götürüb. BP və tərəfdaşlarının təsis etdiyi və maliyyələşdirdiyi “Sahibkarlığın İnkişafı Proqramı”nın (SİP) məqsədi yerli şirkətlərin öz bacarıq və imkanlarını təkmilləşdirməsinə və beynəlxalq standartlara cavab verməklə regional və qlobal miqyasda öz rəqabət qabiliyyətini artırmasına yardım etməkdir. 2007-ci ildə SİP fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sonunadək BP və tərəfdaşları 2000-dən çox şirkətin inkişafına dəstək olmaq üçün 8 milyon dollar vəsait xərcləyib və bu vaxtadək həmin şirkətlərdən 280-i bütün proqramı tamamlayıb. Nəticədə bu şirkətlərin əksəriyyəti BP-nin Azərbaycandakı müqavilələri də daxil olmaqla yüz milyonlarla dollar dəyərində beynəlxalq müqavilələr əldə edə bilib.