Bu günə kimi İran xaricdən 60 milyon doza peyvənd alıb
Tehran, 25 oktyabr, AZƏRTAC
Bu günə kimi İran hökuməti Çindən, Rusiyadan, Yaponiyadan, Hindistandan, Niderlanddan və Avstriyadan 60 milyon doza peyvənd alaraq ölkəyə gətirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Baş Gömrük İdarəsinin sədr müavini Mehrdad Cəmali verib. O bildirib ki, daxil olan peyvəndlər tez bir zamanda gömrük rəsmiləşdirilməsindən keçirilərək Səhiyyə Nazirliyinə təhvil verilib.
İranın Səhiyyə Nazirliyi isə bildirib ki, ölkə üzrə 77 milyona yaxın insana peyvənd vurulub. Ölkədə koronavirusa yoluxma və ölüm hallarının azalmasının əsas səbəbi də əhalinin 60 faizindən çoxunun peyvəndlənməsidir. İranda xaricdə istehsal olan peyvəndlərlə yanaşı yerli “Cov İran Barakat” peyvəndi də istifadə olunur və peyvəndləmə prosesi davam edir.
Nazirliyin digər açıqlamasına görə, son 24 saat ərzində ölkədə 7 min 516 nəfərin koronavirusa yoluxması, 140 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 868 min 360 nəfərə, koronavirusdan ölənlərin ümumi sayı isə 125 min 363-ə çatıb. Müxtəlif xəstəxanalarda müalicəsi davam edən 4 min 256 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 5 milyon 429 min 982 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran