BU İL 179 SAHİBKARLIQ SUBYEKTİNƏ GÜZƏŞTLİ KREDİT VERİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərilir, sahibkarlığa dövlət maliyyə dəstəyi gücləndirilir. Sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsində Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Fonddan sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
Bu ilin ötən dövrü ərzində güzəştli kreditlərin verilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına dövlət büdcəsindən 23,8 milyon manat köçürülmüşdür. Artıq müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 45 şəhər və rayonu üzrə 179 sahibkarlıq subyektinə 23,3 milyon manat güzəştli kredit verilmişdir. Ayrılmış kreditlər sənaye məhsulları istehsalı, kənd təsərüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının, turizm infrastrukturunun, xidmət sahələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Maliyyələşdirilmiş layihələrin 80 faizi respublikanın regionlarının payına düşür. Verilmiş vəsaitin 85 faizindən çoxu isə istehsal və emal yönümlüdür.
2008-ci ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 2.500-dən çox yeni iş yerinin yaradılacağı gözlənilir.
Sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələrin güzəştli qaydada kreditləşdirilməsi davam etdirilir.