REGİONLAR
Bu il Füzuli rayonunda 2100 hektar sahədə pambıq becəriləcək
Füzuli, 28 mart, AZƏRTAC
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görülən işlərdən danışıb.
Bildirilib ki, bu il Füzuli rayonunda 2100 hektarda çiyid səpini nəzərdə tutulur. Pambıq əkinlərinin 1412 hektarı “Füzuli Kənd Təsərrufatı” MMC, 590 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında becəriləcək. Artıq çiyid səpiləcək sahələrdə şum işi başa çatdırılıb, sahələr arat edilib, mala işi aparılıb. Yaxın günlərdə çiyid səpininə başlanılacaq.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev çıxış edərək, Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə danışıb. Bildirib ki, 2017-ci ildə respublika üzrə 207 min ton pambıq istehsal olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.
Yığıncaqda pambıq emalı müəssisələrinin rəhbərlərinin, fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.