ELM VƏ TƏHSİL
BU İL GÜRCÜSTANIN DÖVLƏT VƏ ÖZƏL ALİ MƏKTƏBLƏRİ İCBARİ İNSTİTUSİONAL QEYDİYYATDAN KEÇƏCƏKLƏR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstandakı 200-dən artıq ali məktəbin 60-ı dövlət, qalanı isə özəl sektora mənsubdur. Gürcüstan təhsil və elm naziri Aleksandr Lomayanın fikrincə, onlardan 90 faizinin fəaliyyəti müvafiq standartlara uyğun gəlmir. Ona görə də nazir bu il “həm dövlət, həm də özəl ali məktəblərinin icbari Dövlət institusional qeydiyyatından keçməsini” təklif edir. Nazirin sözlərinə görə, bu, “fərdi təhsil ocaqlarını bağlamaq, yaxud dövlət ali məktəblərini saxlamaq üçün edilmir, müvafiq standartlar nəzərə alınmaqla həmin ali məktəblərin maddi-texniki və təhsil səviyyəsinin yenidən yoxlanılmasına şərait yaradılması məqsədi güdür”.