Bu ilin birinci rübündə Yardımlıda əsas kapitala 30,8 min manat vəsait yönəldilib
Yardımlı, 6 may, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Yardımlı rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 30,8 min manat vəsait yönəldilib. Əsas kapitala investisiyaların ümumi həcmi bütövlükdə qeyri-dövlət mülkiyyətinə aiddir. Bunun 15 min manatı əhalinin şəxsi vəsaiti hesabına olan sərmayədir.
Bu bardə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Qeyd olunub ki, 2020-ci ilin ilk rübündə rayondakı 51 nömrəli Yol İstismarı MMC, Yardımlı Rayon İşıqlandırma Xidməti və “Vaqif” firması cari təmir və sair işlər üzrə fəaliyyət göstərərək ümumilikdə 1331,5 min manatlıq iş görüb. Bu, ötən ilin müvafiq dövründəki 637,7 min manat səviyyəsindən faktiki qiymətlərlə iki dəfə çoxdur.
Qeyd edilən hüquqi şəxs statuslu müəssisələr tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin 1331,5 min manatlıq həcmindən 1028,3 min manatı əsaslı təmir, 267,7 min manatı cari təmir, 35,5 min manatı isə sair işlərdir.
Diqqətə çatdırılıb ki, bu ilin əvvəlindən indiyədək rayon üzrə kənd yerinə aid olmaqla ümumi sahəsi 72,0 kvadratmetr olan, yaşayış sahəsi 58,0 kvadratmetr olan, 15,0 min manat dəyərində 1 ədəd fərdi yaşayış evi vətəndaşların şəxsi vəsaitləri hesabına tikilib istifadəyə verilib.
Mənzil fondunun ümumi həcmi 1189,6 min kvadrat metr olmaqla, ilin əvvəlinə olan əhalinin sayına əsasən adambaşına düşən ümumi sahə 17,5 kvadratmetrdir.