Budapeştdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş avtomobil yürüşü keçirilib
Budapeşt, 27 fevral, AZƏRTAC
Budapeştdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar avtomobil yürüşü keçirilib. Yürüşdə 11 avtomobil olub.
Macarıstan paytaxtının Qəhrəmanlar Meydanına toplaşan avtomobil yürüşü iştirakçıları şəhər sakinlərini və turistləri erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı törədilən cinayətlər barədə məlumatlandırıblar. Onlar Xocalı faciəsi haqqında vərəqələr paylayıb və Azərbaycanın dövlət himnini ifa ediblər. Sonra iştirakçılar erməni cinayətləri haqqında böyük ölçüdə plakatların yapışdırıldığı avtomobillərdə asta sürətlə Budapeştin mərkəzi küçələri ilə yürüş ediblər. Aksiya plakatlardakı məlumat və şüarları oxuyan budapeştlilər tərəfindən böyük maraqla qarşılanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt