BUXARADA BEYNƏLXALQ NƏQLİYYATÇILAR FEDERASİYASININ İKİNCİ REGİONAL KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistanın qədim Buxara şəhərində Beynəlxalq Nəqliyyatçılar Federasiyasının ikinci Regional konfransı keçirilmişdir.
Azərbaycan Avtomobil Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyevin də qatıldığı tədbirdə Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nəqliyyatçılarının həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Konfransda gender siyasəti və nəqliyyatçıların həmkarlar ittifaqlarında qadınların rolu, Beynəlxalq Nəqliyyatçılar Federasiyası ilə əlaqələrin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunmuşdur. Tədbirdə həmkarlar ittifaqlarının iş təcrübəsi haqqında fikir mübadiləsi aparılmış, nəqliyyatçıların aktual problemlərinə həsr olunmuş konfrans və forumların keçirilməsi ilə bağlı perspektiv planlar hazırlanmışdır.