Buzovnada Zəfər Günü ərəfəsində şəhidlərin xatirəsi yad edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Bakının Buzovna qəsəbəsində Zəfər Günü münasibətilə şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Birinci Qarabağ və Vətən müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Milli Məclisin deputatı Adil Əliyev anım tədbirində iştirak edən şəhid analarına müraciət edərək onların övladlarının İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq sayəsində torpaqlarımızın yağı düşmənin işğalından azad olunduğunu bildirib: “Sizin övladlarınız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək igidlik göstərib. Onların şücaəti hesabına xalqımızın uzun illərdən bəri davam edən yurd həsrətinə son qoyuldu. Məhz həmin günlərdə xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək möhtəşəm həmrəylik nümunəsi göstərdi. 2020-ci ilin məhz bu günlərində qazanılan tarixi Qələbənin, indi qeyd edilən Zəfər bayramının əsas səbəbkarı da şəhidlərdir. Nə qədər ki, bu xalq, bu torpaq, bu Vətən var, sizin övladlarınızın unudulmaz xatirəsi hamımız üçün əziz olacaq və yaşayacaq”.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Süleymanov, rayon Qazilər Şurasının sədri Hacı Soltan Əlizadə, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev və başqaları üç il əvvəl haqq savaşında xalq-dövlət-ordu birliyindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Qələbədən, onun hərbi və siyasi əhəmiyyətindən bəhs ediblər.
Xeyriyyə tədbirinin təşkilatçıları adından çıxış edən Fazil Məşədiyev mərasimdə 70-ə yaxın şəhid ailəsi üzvünün iştirak etdiyini bildirərək deyib: “Vətən torpağını öz canından çox sevən şəhidlər bu müqəddəs yolda özlərini qurban verdilər. Onlar Vətən qarşısında borclarını layiqincə yerinə yetirdilər. Onların əzizi xatirəsi önündə nə qədər iş görsək də, yenə də azdır. Şəhid ailələrinin mənəvi dəstəyə, diqqətə və qayğıya ehtiyacı var. Biz həmişə həmin ailələrin yanında olmalı, onların sevincini və kədərini bölüşməliyik. Onlara olan borcumuz ödənilə bilməyəcək qədər sonsuzdur".
Tədbirdə 44 günlük Vətən müharibəsinə aid ayrı-ayrı döyüş epizodlarını özündə əks etdirən videoçarx nümayiş olunub, xalqımızın qəhrəmanlıq tarixinin şərəfli bir parçasına çevrilən həmin günlər yenidən xatırlanıb.
Daha sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsinə dualar oxunub, ehsan süfrəsi açılıb.