BVF: dünya iqtisadiyyatı artır, lakin daha pis dövrə hazırlaşmaq lazımdır
Bakı, 18 aprel, AZƏRTAC
Dünya iqtisadiyyatı yüksəlməkdədir, lakin bu tendensiya çox davam etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı yeni məruzəsində bildirilir. Məruzənin müəllifləri qeyd edirlər ki, bu il və qarşıdakı illərdə dünya iqtisadiyyatının artımı 3,9 faiz olacaq. Bu, oktyabr proqnozundan 0,2 faiz yüksəkdir.
Məruzənin müəlliflərindən biri, BVF-nin iqtisadiyyat üzrə müşaviri Moris Obstfeld deyib: “Dünya artımının sürəti yüksəliş mərhələsini keçir. Lakin əlverişli şərait daim qala bilməz və məhz indi daha ağır dövrə hazırlaşmaq vaxtıdır”.
2017-ci ildə dünya iqtisadiyyatı 3,8 dəfə artıb. Bu, 2011-ci ildən ən yüksək inkişaf tempidir. Əvvəlki maliyyə şəraitini nəzərə alsaq, bu il və qarşıdakı illərdə bu göstəricinin 3,9 faiz səviyyəsinədək yüksələcəyi gözlənilir.
BVF-də dünya iqtisadiyyatının artım sürətini avrozonada, Yaponiyada, Çində və ABŞ-dakı iqtisadi canlanma, həmçinin ticarət həcminin və investisiya axınının artması ilə əlaqələndirirlər. Lakin bununla belə ekspertlər xəbərdarlıq edirlər ki, İkinci Dünya müharibəsindən sonra əmələ gələn çoxtərəfli ticarət sistemi kollaps vəziyyətindədir və möhkəmlənməyə ehtiyacı var. Ekspertlər bu yaxınlarda ABŞ tərəfindən elan olunan idxala qoyulan məhdudiyyət və Çin tərəfdən buna cavab tədbirləri ilə bağlı təhlükələr barədə xatırladıblar.
Məruzədə deyilir: “Artıq potensial ticarət müharibəsinin ilk yaylım atəşləri guruldadı. Əgər ABŞ-ın büdcə siyasəti Avropa və Asiyada profisitlərin azaldılması üçün tədbirlər görülməməsi səbəbindən ölkənin ticarət defisitinə gətirib çıxararsa, münaqişə o zaman dərinləşə bilər”.
Müəlliflər xəbərdarlıq edirlər ki, bu cür vəziyyət “dünya və daxili iqtisadi fəallığın göstəricilərinin və bazarlarda əhval-ruhiyyənin pisləşməsinə” səbəb ola bilər.