“Cambridge Assessment English” təşkilatının nümayəndələri Hədəf STEM Liseyində
Bakı, 21 aprel, AZƏRTAC
Hədəf STEM Liseyində “Cambridge Assessment English” təşkilatı və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) nümayəndələri ilə görüş keçirilib.
Liseydən AZƏRTAC-a bildiriblər ki, AMİM-in təşəbbüsü ilə keçirilən görüşdə “Cambridge Assessment English” təşkilatının Ukrayna, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi xanım Darina Sizuk, AMİM-in direktoru Qrem Pollok, Hədəf Liseyinin direktoru Şəmil Sadiq, liseyin elmi məsləhətçisi Yalçın İslamzadə və məktəbin ingilis dili müəllimləri iştirak ediblər.
D.Sizuk “Cambridge Assessment English” təşkilatı haqqında məlumat verib, beynəlxalq miqyasda qəbul edilən Cambridge ESOL, CELTA və TKT proqramları haqqında təqdimatla çıxış edib. Hədəf Liseyinin müəllimləri qonaqları təhsil müəssisəsində ingilis dilinin innovativ üsullarla tədrisi barədə məlumatlandırıb, onları liseyin ingilisdilli sinifi olan “London Bus” sinifi ilə tanış ediblər. Dram dərnəyi və kitab müzakirələri vasitəsilə şagirdlərin ingilis dilinin incəliklərini mənimsəyəcəkləri bildirilib. Liseyin elm və mühəndislik təmayüllü olduğu, STEM mərkəzli təhsil verdiyi vurğulanıb, texniki ingiliscənin tədrisinə də xüsusi əhəmiyyət verildiyi diqqətə çatdırılıb.
Müzakirələr nəticəsində tərəflər arasında əməkdaşlığın qurulması və “Cambridge Assessment English” təşkilatının dərslik, kurikulum və metodika sahəsindəki təcrübəsinin Hədəf Liseyində ingilis dilinin tədrisinə inteqrasiya olunması üçün memorandum imzalanması qərara alınıb.