İQTİSADİYYAT
Cari ildə “Şahdəniz Mərhələ 2” layihəsinə 2,3 milyard dollar vəsait xərclənəcəkdir
Bakı, 4 avqust (AZƏRTAC). “Şahdəniz Mərhələ 2” layihəsinin 2018-ci ildə ilkin hasilata hazır olması üçün cari ildə təxminən 2,3 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Şahdəniz Mərhələ 2” Azərbaycandan Avropa və Türkiyəyə qaz çatdıracaq nəhəng bir layihədir. Bu, “Cənub qaz dəhlizi”ni açmaqla Avropa bazarlarının qaz təchizatını və enerji təhlükəsizliyini gücləndirəcəkdir. Bu layihənin hazırda “Şahdəniz Mərhələ 1”dən hasil olunan illik təxminən 9 milyard kubmetr qaza daha 16 milyard kubmetr “mavi yanacaq” əlavə edəcəyi gözlənilir.
Dünyanın ən böyük qaz işlənməsi layihələrindən olan “Şahdəniz Mərhələ 2” üçün planlara körpü ilə birləşdirilən iki yeni dəniz platforması, iki yarımdalma qazma qurğusu ilə qazılacaq 26 sualtı quyu, suyun dərinliyi 550 metrə çatan ərazidə 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir.